19 May 2009

Mələyə sormaq lazım...bəs rejissor hanı?

Teatrda istedadına görə digərləri tərəfindən sığışdırılan, işləri heç də yaxşı getməyən aktrisa, bir uşaqla həyatın onun üçün hazırladığı çətinliyə dözməyə hazırlaşan ana, kişilər tərəfindən istəkli qadın, içkiyə qurşanan, arada bir görünüb pul istəyən qardaş bacısı, Qarabağ müharibəsində həlak olan yoldaşının xəyalı ilə yaşayan Mədinə...Mədinəni siz də türklər demiş, merak etdiniz. Deyilmi? Elə isə mən deyim siz də bilin ki, Mədinə istehsalına 2006-cı ilin sonlarından qərar verilən, ötən həftə ictimaiyyətə təqdim olunan rejissoru və ssenari müəllifi Oqtay Mirqasımov olan “Günaydın, mələyim” filminin qadın qəhrəmanının adıdır. Əvvəl filmin aktyor heyəti barədə bir balaca arayış verməyi vacib bildiyimdən deyim ki, bu heyətində Azərbaycanın ən tanınmış simaları cəm olub- Ayan Mirqasımova, Fuad Poladov, Həmidə Ömərova, Abbas Qəhrəmanov, Bəsti Cəfərova, Telman Adıgözəlov və digərləri...Rejissorun sadiq komandası...
...Müharibə zonası: bütün əsgər dostları düşmən tərəfindən vurulan qəhrəmanımız düşmənin iki zirehli veltolyotuna qarşı təkbətək qalır. “Hamı vuruldu, biz heç nə eləyə bilmədik, mən tək qalmışam. Məni bağışlayın” sözlərinin sədalar ilə ekran qaralır...Bundan sonra isə müharibənin qaynar məqamında yoldaşı şəhid olan filmin qəhrəmanının həyatı canlanır...
Ölüm xəbərini alan qadının pərişan təsvirlərini əks etdirən kadrlar bir- birini əvəz edir. Bundan sonra həyat tək və kimsəsiz Mədinə üçün mübarizə meydanı olacaq. Mədinənin içkiyə qurşanan qardaşı var, o da pulu qurtaran məqamda peyda olub istədiyini alan kimi aradan çıxır. Amma hərdən vicdan əzabı da çəkir. Neçə ki, bir gün bacısının evini əlindən almaq istəyən qonşularını qorxutmaq üçün qapılarını təpiklə vurmağı, hədə -qorxu gəlməyi özünə qardaş borcu bilir. Bundan isə yalnız bacısı əziyyət çəkir çünki qonşunun şikayətinə əsasən qardaşını axtaran polis ancaq Mədinəni tapır. Di gəl ki, polis də bir sıra sözlər danışıb gedir amma çi fayda, bu məqamda fikirləşməli bir şey olur ”hə, nolsun” bunun cavabı filmin gedişində açılmalı idisə də rejissor bunu lazımsız bilib və fikri sona çatdırmayıb.
Çün aktrisalıq bir məharətdir...
Mədinə aktrisadır, hər gün teatrdakı məşqlərinə gecikir, tələbələrinə rəqsin incəliklərini öyrədir, filmlərin dublyajında, cigzi filmlərin səsləndirilməsində iştirak edir, reklam roliklərinə çəkilir. Rejissor özü də etiraf etdi ki, ilk öncə ssenarinin qəhrəmanı ixtisasca müəllimə imiş. Lakin aktrisa qəhrəman obrazı daha cəlbedici olduğundan seçim zamanı daha məqsədəuyğun hesab olunub. Qadın aktrisa obrazının özü çox maraqlı tipajdır, bu sözsüz. Rejissora geninə- boluna bu tipajdan yararlanmaq qalırdı. Amma təəssüf ki, rejissor bundan lazımınca yararlana bilmir....Mədinə reklam çarxına çəkilir. Ona üç maraqlı tipajları yaratmaq tapşırılır. Ayan xanım obrazları məharətlə ifa edir. Amma həmin səhnəni məhz reklam roliki formasında tamaşaçıya təqdim etmək məncə, daha məqdəsəuyğun olardı nəinki, çəkiliş heyətinin gözü ilə. Çünki sonucda Mədinə reklama çəkilirdi...Ya teatr səhnəsində...ya dublyaj zamanı...Bu gün tamaşaçının ekranda görmək istədiyi vizuallıqdı. Məhz vizual məhsul yaratmaq sanki bir xof halını alıb və rejissorlarımız bundan qaçırlar. Amma unutmaq lazım deyil ki, xarici filmlərə marağı artıran başlıca səbəblərdən biri də vizual görünüşdür.
Həyat xeyli çətinləşir...əsəbləri tarıma çəkilən teatrın baş aktrisası Sahibə Mədinəni hər cür vəchlə təhqir edir, hamının yanında danlayır, alçardır. Reklam çarxlarına çəkilir amma yaradıcı heyət Mədinəni aldadıb, pulunu verməmiş qaçır. Qapı qonşusu evini almaq üçün tələlər qurur, hədələyir. Hələ üstəlik kəbin kağızı əlində nigahını rəsmiləşdirmək üçün getdiyi bütün qapılar üzünə bağlı olur. İş üçün zəng elədiyi hər yerdən “yox” cavabı eşidir. Bir gün hər şeydən, hər kəsdən bezir...”Gəl, apar məni ” deyib dəstəyi asan Mədinə yolunu illərdir gözləyənin (sona qədər müəmmalı olan, Fuad Poladovun canlandırdığı obraz) yanına gedir. Amma tab gətirmir, özünə və yoldaşının xəyalına xəyanət edə bilməyəcəyini anlayıb geri dönür. “Bacardığın qədər, bağışla” deyərək.
....ona ssenari həsr edən cavan oğlan... sədaqətliyinə, istedadına, gözəlliyinə vurulan cavan oğlan...ona hər gün “Günaydın, mələyim” deyən cavan oğlan...”Həyat davam edir, Mədinə”...deyə-deyə ümid içində yaşayır.
Həyat davam edir...Mədinə də belə fikirləşir. Heç kimə arxalanmadan, ayaqları üzərində mərd və inamla dura-dura. Və ən əsası həyat yoldaşının xəyalı ilə birgə. Bundan böyük ümidgah?
Kadr qıtlığı
İllər ötür, Mədinənin balaca oğlu yavaş –yavaş böyüyür. Hər bu nüansı xatırlatmağa çalışan rejissor bizə eyni kadrlara baxmağa məcbur etdiyinin fərqinə varmır...Binanın dəhlizində bir qadın və yanında balaca uşaq. Mədinə tələsə-tələsə yolu keçib onlara yaxınlaşır və uşaqla bərabər uzaqlaşır....
Uğursuz sonluq
...film bir çox kadrlarla tamamlana bilərdi. Hər filmin sonudur deyə fikirləşdiyin an ekranda növbəti, nəyə xidmət etdiyi anlaşılmayan kadrlar canlanır. Film uzanır ki, uzanır. Və sonluq, məşhurluğundan əsər-əlamət qalmayan, qəhrəmanı film boyu gözü-götürməyən teatrın qocaman aktrisası Sahibəni (Bəsti Cəfərova) xəstə yatağında ziyarət edən Mədinənin birdən-birə qulağına gələn cingiltinin səsinə başını yuxarı qaldırması ilə... kadr birbaşa əsgərlərin paradına keçid edir. Göydən-düşmə təsiri bağışlayan bu kadr da qeyri- səlis təsvirlərlə yadda qalır. Tamaşaçı bircə bunu anlayır ki, Mədinə tələm-tələsik pilləkənləri aşağı düşür və parada tamaşa edir. Və birdən gözü önündə yoldaşının xəyalı canlanır. Gülümsər siması, arxaya dönən vəziyyətdə Mədinədə qalan baxışları ilə...Sanki xəyal deyilmiş kimi. Lap bu kadr da filmin sonuna işarə edirdi. Amma tamaşaçı bir az səbrlə gözləməli olur. Təpəliyə qalxan əsgər paltarlı adam, birdən dayanır, arxaya –kameraya dönür, oturur və üzü 1 dəqiqə tamaşaçıya zillənir. Bu Mədinənin həyat yoldaşıdır-tamaşaçı yaddaşına həkk. Və ekran qaralır. Bu təsvir nədən və kimdən ötrü idi, bunu rejissordan başqa kimsə bilməz. Əgər filmin başlanğıcına əla sonluq vermək cəhdi idisə, o zaman uğursuz və mənasız kadr təsiri bağışladı.
Sual altından çıxmağımıza çoxmu var?
Hər zaman Qarabağ problemini layiqincə təsvir edən filmimizin olmamasından ürək yarası ilə danışırıq. Bu dəfə də bu sindrom qırılmadı. Sadəcə film “Günaydın, itirilmiş torpaqlar” dedi. Çünki ekran əsəri hadisələri qabaqladı. Belə ki, müharibə bizim qələbəmizlə başa çatır. O.Mirqasımov mətbuata verdiyi müsahibəsində “Mənim aləmimdə bu, reallıqdır. Zamanı bir az tezləşdirmişəm. Mən sənətkaram, bir yaradıcı kimi istəyim belədir. Mən gələcəyi görüb, onu təsvir etməyə çalışıram. İstənilən sənətkar- rəssam, yazıçı, ya kinorejissor yaratdığı əsərdə keçmişə qayıdırsa, irəlidə mütləq baş verəcək hadisələrə niyə nəzər salmasın? İncəsənətdə bu həmişə olub” deyir. Olsun nə deyirik, bu rejissorun ssenaridə qələmə aldığı arzu, bəs film bu arzunu doğruldurmu? Müharibə fon qismində də o qədər səthi əksi olunub ki, hər məqamda yeni sual doğurur. O dərəcədə ki, qadının həyat yoldaşı əsgər olmasaydı da belə, sadəcə avtomobil qəzasında, ya kiminsə bıcaq zərbəsindən ölsəydi belə heç nə dəyişməyəcəkdi. Müharibədə qalibiyyətimiz yaradıcı istəyidir- bu aydın. Bəs bu istək kino müharibəsində niyə yoxdur? Niyə kino savaşında ermənilər bizdən daha aktiv görünür, filmlər çəkib, tanınmış, nüfuzlu festivallarda nümayiş etdirirlər? Sadəcə bir fakt, keçən il erməni rejissoru Vardan Ovannisyanın “Sülh və müharibə dövründə insanlıq tarixi” filmi Nyu-Yorkda təşkil olunan Tribecca Film Festivalında “Yeni ad” nominasiyasında mükafata layiq görüldü. 2006- cı ildə “Bars media” kinostudiyasında lentə alınan film Qarabağ müharibəsindən bəhs edir. “Günaydın, mələyim” savaş müharibəsində bizim qələbəmimizi qeyd edir, bəs kino müharibəsində? Bax bu böyük sual altındadır...Günün aydın olsun Azərbaycan kinosu...Olsun ki, savaşlardan qalib çıxasan.
Bəs rejissor hanı?
Filmin musiqisi bəstəkar Elmar Felə məxsusdur. Olduqca maraqlı və dolğun musiqi parçaları filmi cana gətirirdi. Mələyi rəqsə vadar edən tərzdə gözəl. Xəyallarda və hardasa çox-çox uzaqlarda Mədinə Onunla rəqs edir...”Günaydın, mələyim” deyə-deyə.
Ekranda canlanan əsər isə uzanan təsvirlər, sinxron olmayan səslənmə (effekti korlayan dərəcədə bərbad), fasonlu və bədii cümlələr, əksinə uğurlu musiqi və normal ssenari ilə kino tarixinə yazıldı. Bircə, rejissor gözə dəymədi...
Nərmin M.

No comments:

Post a Comment