Noyabr ayının 9-da 2008-ci ildə Almaniyanın nüfuzlu “Oberhauzen" Beynəlxalq Qısametrajlı Filmlər Festivalının (Internationale Kurzfilmtage Oberhausen) seçim komissiyasının üzvü xanım Kristian Brüxner Azərbaycana gəlişi zamanı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin qonağı oldu. Məqsəd “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin beş ildir ki təsis etdiyi “Start” Beynəlxalq Tələbə Filmləri Festival ilə əlaqələrin qurulması, sözügedən festivalda Azərbaycanın da iştirakını təmin etmək üçün tələbə-rejissorların çəkdiyi filmlərə tamaşa etmək idi. Görüş zamanı keçmiş sovet kino siyasətini dərindən bilən xanım Brüxnerlə hazırda hər iki ölkədə hökm sürən kino mənzərəsi ilə bağlı fikir mübadiləsi oldu. “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının proqramı ilə tanış olan xanım Brüxner çox təəccübləndiyini dilə gətirdi. “Festivalın proqramı olduqca maraqlıdır. Müxtəlif ölkələrdən fərqli tərzli filmlər nümayiş etdirməyinizi yüksək qiymətləndirirəm. Hər iki festival arasında sıx əməkdaşlıq əlaqələrinin yaranması müsbət nəticələr vəd edir. Və bu məni sevindirir”. Proqram
la tanışlıqdan sonra bəzi filmləri xüsusi vurğulayan Kristian Brüxner həmin filmlərin “Oberhauzen" Beynəlxalq Qısametrajlı Filmlər Festivalında görməyə şad olacağını qeyd etdi.
Məlumat üçün bildirək ki, 1954-cü ildə yaranan “Oberhauzen" Beynəlxalq Qısametrajlı Filmlər Festivalı dünyanın qocaman festivalları sırasında yer alır. Qısametrajlı istənilən janr nümunəsi festivalda iştirak edə bilər. Bir sözlə, festival iştirakçıları cizgi, sənədli, bədii filmlərlə yanaşı, eksperimental ekran əsərləri ilə də tanış ola bilərlər.
Yarandığı gündən festival dünyanın tanınmış kinorejissorları Martin Skorseza, Corc Lukas, Roman Polanski və başqalarının ilk ekran işlərinə şahidlik edib. Hazırda da festival gənc rejissorlar üçün böyük imkanlar açır.
No comments:
Post a Comment